Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.
Aprelin 6-da Ağstafa stansiyasında 2,2 km baş yolların əsaslı təmirinə başlanılacaq. Təmir işləri 2 gün davam edəcək. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 512 km dəmir yolu əsaslı təmir olunub.