Bakı. Vüsal Nəbiyev - APA-Economics. Gənclər üçün ən böyük biznes yönümlü layihələrdən biri olan "Youth to Business Forum"u “Nar” mobil operatorunun dəstəyi ilə AIESEC Azərbaycan təşkilatı tərəfindən ADA Universitetində həyata keçirilib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, dünya üzrə 50-dən çox ölkədə keçirilən beynəlxalq layihələrdən biri olaraq, "Youth to Business Forum"u gəncləri korporativ dünya ilə əlaqələndirməyi hədəfləyir. Forumun əsas məqsədi iştirakçıları kitablardan yiyələnə bilməyəcəkləri biznes sirrləri və uğur hekayələri ilə tanış etməkdir.
"Youth to Business Forum"u 18 təlim və 3 mövzusu ilə 200 azərbaycanlı gənci bir araya gətirib. Bu il “Build up to Lead” (Rəhbərlik etmək üçün yaranmış) adlı forumun mövzuları Strateji Marketinq, Biznes İnnovasiyaları və Sahibkarlıq oldu. Forumun təlimçiləri Nigar Arpadarai, Bəhram Qurbanov, Sona Abbasova, Umut Çağatay, Anar Bayramov kimi uğurlu simalar təlimlər keçib və öz təcrübələrini iştirakçılar ilə bölüşüblər.
Həmçinin forumda Gənclər və İdman Nazirliyinin, “Nar” operatorunun, GRBS şirkətlər qrupunun, Golden Pay şirkətinin, Paşa Bankın, Yüksək Texnologiyalar Parkının və Azgranata MMC-nin nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, “Nar” AIESEC Azərbaycan tədbirlərinin platinum sponsorudur.