Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeyn ilə görüşüb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tərəflər arasında Azərbaycanın telekommunikasiya sektorunda həyata keçirilən əhəmiyyətli layihələrdə AYİB-in iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.
Ölkəmizlə tərəfdaşlıqda həyata keçirilən layihələrdən danışan N. Makkeyn Azərbaycanın telekommunikasiya sektorundakı inkişafını xüsusi vurğulayaraq, bu sahədə nazirliyin və aidiyyəti müəssisələrlə əməkdaşlığın aparılmasında maraqlı olduqlarını bildirib.
Azərbaycanın telekommunikasiya sektoruna gələcək investisiya imkanlarından da söz açan N. Makkeyn hazırda AYİB tərəfindən üç istiqamətdə, o cümlədən dövlət mülkiyyətində olan telekommunikasiya operatorlarının özəlləşdirmə prosesində texniki hazırlığının artırılması, sahə üzrə normativ hüquqi bazanın və tənzimləmə mexanizminin təkmilləşdirilməsi məqsədilə məsləhət xidmətlərinin təklif edildiyini nəzərə çatdırıb.
Nazir AYİB tərəfindən irəli sürülən təklifi yüksək qiymətləndirib və daha sonra bu istiqamətdə əməkdaşlığın qurulması yolları müzakirə olunub.