Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin ixtisaslaşmış təşkilatı olan Beynəlxalq Dəniz Təşkilatının (İMO) 3-11 iyun tarixlərində London şəhərində keçirilən Dəniz Təhlükəsizliyi Komitəsinin 95-ci sessiyasında iştirak edib.
Dövlət Dəniz Administrasiyası mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan da qoşulduğu, IPO tərəfindən qəbul edilən konvensiya və protokollara təklif edilən dəyişikliklərin nəzərdən keçirilməsi və qeyd olunan təkliflər ilə bağlı müzakirələrin aparılması sessiyanın gündəmində duran əsas məsələlər olub.
Çinin Hubey əyalətində, Yantszı çayında “Şərq ulduzu” sərnişin gəmisinin batması nəticəsində 400 nəfərdən yuxarı insanın həyatını itirməsi sərnişin gəmilərində təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təmin edilməsi məsələsini yenidən gündəmə gətirib və sərnişin gəmilərinə olan tələblərin daha da sərtləşdirilməsi istiqamətində beynəlxalq səviyyədə tədbirlərin həyata keçirilməsi üzrə müzakirələr aparılıb.
Həmçinin, komitənin iclasında beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz nəqliyyatı vasitəsi ilə həyata keçirilən qanunsuz miqrasiya hallarının qarşısının alınması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, dəniz mühitinin mühafizəsinin və dənizdə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar dünya dəniz dövlətləri tərəfindən həyata keçirilməsi zəruri olan fəaliyyətlər ilə əlaqədar ümumi müzakirələr aparılıb.
Eyni zamanda, sessiya müddətində Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və sessiyada iştirak edən üzv dövlətlərin nümayəndələri ilə iki tərəfli görüşlər keçirib.