Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi timsalında metrologiya sahəsində əsas beynəlxalq təşkilatlardan olan Çəkilər və Ölçülər üzrə Baş Konfransa (CGPM - Conférence Générale des Poids et Mesures) assosiativ üzv olub.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə bir neçə gün öncə komitənin Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin (CİPM) Qarşılıqlı Tanınma Razılaşmasını (MRA) imzalayıb.
Beləliklə, Qarşılıqlı Tanınma Razılaşmasının imzalanması metrologiya sahəsində Azərbaycanda həyata keçirilən ölçmələrin nəticələrinin, həmçinin kalibrləmə sertifikatlarının beynəlxalq tanınmasının təmin olunmasına, müəssisələrdə məhsul istehsalının keyfiyyət göstəricilərinə nəzarət üçün aparılan ölçmələrin nəticələrinin dəqiqliyini və etibarlılığını təmin etməklə, həmin məhsulların keyfiyyətinin regional və beynəlxalq səviyyədə tanınmasına müsbət rəyin yaradılmasına, Azərbaycanın milli etalonlarının beynəlxalq tutuşdurulmalarda iştirak etməsi və onların beynəlxalq səviyyədə tanınmasına və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətində saxlanılan milli etalonların digər ölkələrin milli etalonları ilə ekvivalentlik dərəcəsinin müəyyən edilməsinə nailiyyətlərin əldə edilməsinə imkan verəcək.
Məlumat üçün bildirək ki, Metrik Konvensiya 20 may 1875-ci il tarixində Parisdə 17 ölkənin hökumətlərinin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış beynəlxalq Konvensiyadır. Metrologiya sahəsində elmi-texniki tərəqqinin əsasını qoymuş bu sənədlə ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sisteminin tətbiq edilməsinə başlanılmış və onun əsasında Beynəlxalq Vahidlər Sistemi yaradılıb. Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro Metrik Konvensiyanın imzalanması ilə təsis olunmuş dövlətlərarası beynəlxalq təşkilatdır və Çəkilər və Ölçülər üzrə Baş Konfransın daimi fəaliyyət göstərən işçi orqanıdır. Çəkilər və Ölçülər üzrə Baş Konfransa üzv olan dövlətlər metrologiya elmi, həmçinin etalonların yaradılması və tətbiqi ilə bağlı birgə fəaliyyəti həyata keçirirlər. Bu təşkilatın işinin elmi istiqaməti ölçmələrin metrik sisteminin təkmilləşdirilməsindən ibarətdir.