Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın “Mətanət-A” şirkətinin quru tikinti məmulatları istehsal edəcək zavodun inşası layihəsi üzrə Rusiyanın Rostov vilayətinin Tarasov rayonu seçilib.
“APA-Economics”in RBK agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə vilayətin iqtisadiyyat naziri Aleksandr Levçenko bildirib.
Seçilmiş ərazi Tarasov və Kamensk rayonlarının sərhədində yerləşir və 16,4 hektar ərazini əhatə edir.
Rostov vilayətinin İnvestisiya inkişafı agentliyinin baş direktoru İqor Burakov isə agentliyə bildirib ki, seçilmiş ərazi minimal xərclərlə gələcək zavodu kommunikasiya xətləri ilə təmin etməyə imkan verir. Həmçinin, qonşuluqda “Bolşepesçanoye” kvars qumu yatağı yerləşir ki, bu da çox əlverişlidir.
Layihənin 2017-ci ildə istismara veriləcəyi nəzərdə tutulur.