Bakı. Musa Əhmədov – APA-Economics. Ümumdünya Poçt İttifaqının EMS Kooperativinin sifarişi və maliyyə dəstəyi əsasında məşhur “Pricewaterhouse Coopers” auditor şirkəti Kooperativin Təftiş və Qiymətləndirmə Proqramı çərçivəsində dünyanın EMS operatorlarının 2014-cü ildə göstərdikləri poçt xidmətlərinin keyfiyyət göstəricilərini araşdırıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü il üçün Yekun Sertifikasiya Səviyyələri Cədvəlini çap edilərək, qaliblər rəsmi elan edilib.
Nəticələrə görə, 199 ölkə arasında Azərbaycan və daha 4 ölkə qızıl, 2 ölkə gümüş və 1 ölkə bürünc səviyyə sertifikatı qazanıb.
Bu, Azərbaycan poçtunun EMS operatoru – “Azərekspresspoçt” Rabitə Müəssisəsinin son 10 ildə 8-ci qızıl sertifikatıdır.
Qızıl səviyyəli sertifikat aprelin 22-də İsveçrənin Bern şəhərində keçirilən EMS Kooperativinin 18-ci Baş Assambleyasında təntənəli şəkildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Azərpoçt” MMC-nin məsul işçilərindən ibarət Azərbaycanın nümayəndə heyətinə ÜPİ-nin Beynəlxalq bürosunun baş direktoru Bişar Hussein və EMS Kooperativinin sədri Patrik Rişon tərəfindən təqdim edilib.