Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iki ölkə arasında aviadaşımalar bazarının liberallaşdırılması üzrə "Açıq Səma Sazişi" ("Open sky agreement") imzalayıb.
"APA-Economics" xəbər verir ki, ikitərəfli saziş ABŞ və Azərbaycan arasında hava nəqliyyatının təşkili prosesinin sadələşdirilməsinə imkan verəcək, həmçinin kommersiya reyslərinin sayının artmasına kömək edəcək.
"Açıq səma sazişi" aviaşirkətlərin marşrutlar üzrə kommersiya qərarlarına və qiymət qoyma siyasətinə dövlət müdaxiləsini aradan qaldırmağı nəzərdə tutur. Bu da operatorlara sərnişin və yük daşımaları üzrə daha əlverişli və səmərəli xidmət göstərməyə imkan verir.
Qeyd edək ki, Azərbaycan mülki aviasiyasının normativ bazasının təkmilləşdirilməsi sayəsində ABŞ-ın Federal Aviasiya İdarəsi ölkəmizi aviasiya təhlükəsizliyinin ən yüksək səviyyəsi "A" kateqoriyasına layiq görüb.