Bakı-APA. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda Azərbaycan və İran gömrükçüləri arasında gömrük və sərhəd məsələləri ilə əlaqədar növbəti görüş keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) APA-ya verilən məlumata görə, görüşü İranın Biləsuvar Gömrük İdarəsinin rəisi Siyavuş Surinin və Azərbaycanın Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin rəisi Sahib Axundovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil ediblər.
Görüşdə Azərbaycan-İran gömrük-sərhəd buraxılış məntəqələri arasında cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər fiziki şəxslərin gediş-gəlişi zamanı yaranan çətinliklərin aradan qaldırılması, müəyyən olunmuş normalar əsasında əl yüklərinin buraxılması məsələlərinə toxunublar.
Bundan başqa, görüşdə 24 saatlıq iş rejiminə keçid, Naxçıvan Muxtar Respublikasından gələn nəqliyyat vasitələrinin yanacaq çənlərinə tətbiq olunan cərimələr və bir sıra digər məsələləri ətraflı müzakirə olunub.
İranın Biləsuvar Gömrük İdarəsinin rəisi Səyavuş Suri 24 saatlıq iş rejiminə keçmək üçün artıq yekun işlərin görüldüyünü və Novruz Bayramından sonra bu birgə fəaliyyətin gerçəkləşəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, görüş Azərbaycan Dövlət Gömrük Komitəsi və İran Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumunun müddəalarına müvafiq olaraq gerçəkləşib.