Bakı - APA-Economics. Azərbaycanda 10 daş karxanasının vergidən yayındığı məlum olub.
“APA-Economics”in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin rəsmi saytındakı vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə məlumatda bildirilir.
Məlumatda bildirilir ki, Bakı şəhər Vergi Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı müəyyən olunub ki, Yasamal rayonunda “Sunrise” şirkətinə məxsus daş karxanası, Qaradağ rayonunda “NFT”, “Minkənd” MMC, eləcə də Zərbəliyev Eldəniz Qurban oğluna məxsus daş karxanaları, Səbail rayonunda fəaliyyət göstərən “Bibi-heybət” elmi-istehsalat müəssisəsinə məxsus daş karxanası, Nərimanov rayonunda “Enso” MMC-yə və “Savalan-1” firmasına məxsus daş karxanaları, Abşeron rayonunda “Qranit-1” kiçik müəssisəsi, “Xəzri-Y” MMC, “Qranit-MFT” MMC-yə məxsus daş karxanaları dövlət büdcəsinə vergi ödəmir.
Bundan başqa, “Renal İstehsalat” MMC-nin Nizami rayonundakı beton sexi və “Azərkarton” MMC-nin Yasamal rayonundakı karton istehsalı fabrikinin də vergidən yayındığı aşkar edilib.
Bununla yanaşı, vergi borcunun həcmi qeyd edilməyib.
Faktla bağlı qanuna müvafiq tədbirlər görülür.