Bank Of Baku

AzPatent beynəlxalq əməkdaşlığını genişləndirir

AzPatent beynəlxalq əməkdaşlığını genişləndirir
# 27 noyabr 2015 09:37 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Azərbaycanda əqli mülkiyyət sahəsində inkişafın təmin edilməsi məqsədi ilə daim beynəlxalq təcrübəni öyrənir və ölkədə tətbiq edilməsi üçün mühüm addımlar atır.

 

SMPDK-dan”APA-Economics”ə verilən xəbərə görə, ölkəmizdə əqli mülkiyyət sisteminin avtomatlaşdırılması səviyyəsinin artırılması üçün dünyada tətbiq edilən ePCT (Elektron Beynəlxalq Patent Sistemi) sisteminə keçid üçün zəruri şərait yaradılıb. Bu məqsədlə cari ilin noyabr ayında Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) respublikamıza ezam olunmuş mütəxəssisi Allal Alouinin rəhbərliyi ilə ePCT sistemi barəsində üç günlük təlim təşkil edilib.

 

Azərbaycan hələ 25 dekabr 1995-ci ildə ÜƏMT-nin beynəlxalq patent sisteminə (PCT) qoşulub. ePCT sistemi isə Patent Kooperasiya Sazişi çərçivəsində verilən Beynəlxalq iddia sənədləri ilə bağlı bütün prosesləri elektron formada həyata keçirmək və lazımi ünvana göndərmək üçün çox əlverişli sistem, online portaldır. Bu sistemin köməkliyi ilə ÜƏMT-nin Beynəlxalq Bürosunda saxlanılan bütün iddia sənədləri ilə birbaşa tanış olmaq və onların hərəkətini izləmək mümkündür. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları, iddiaçılar, patent müvəkkilləri, eləcə də digər istifadəçilər təqdim olunmuş yeni PCT iddia sənədlərini Beynəlxalq  Büroya elektron formada ötürmək, Beynəlxalq Axtarış idarəsinə (İSA) daxil edilmiş tərəflərdən, iddiaçılardan və Beynəlxalq  Bürodan elektron sənədləri ePCT vasitəsilə qəbul etmək imkanına malik ola biləcəklər. Bu sistem bu ilin dekabr ayının 1-dən işə düşəcək.

 

Cari ilin noyabr ayında əqli mülkiyyət mövzusunda daha bir tədbir keçirilib. Belə ki, Komitənin təşkilatçılığı ilə “Əqli Mülkiyyətin Mühafizəsi” mövzusunda Avropa İttifaqının TAİEKS aləti çərçivəsində 3 günlük seminar təşkil olunub. Tədbirin məqsədi iştirakçılara əqli mülkiyyətin mühafizəsi sahəsində prinsiplər və metodlar haqqında geniş məlumat verməkdir. Seminar Danimarkanın Patent və Əmtəə Nişanı İdarəsinin mütəxəssisi cənab  Mogens Baltsenin iştirakı ilə aparılıb. Seminar ərzində Danimarkanın Patent və Əmtəə Nişanı İdarəsinin fəaliyyəti, həmçinin patent ekspertizası sahəsində təcrübə, terminologiyanın və fəaliyyətin təqdimatı və bu mövzu ilə əlaqədar yeniliyin axtarışı, ekspertlərin istifadə etdikləri məlumat bazaları, axtarış strategiyaları, axtarışın sənədləşdirilməsi, nümunələr və baxılan işlər, patent qabiliyyətinin qiymətləndirilməsi və digər mövzularda mühazirələr dinlənilib.

 

Xatırladaq ki, ötən illərdə Cənubi Koreya Respublikasının Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən Azərbaycanda əqli mülkiyyətin idarə olunması sistemi avtomatlaşdırılıb. Belə ki, əqli mülkiyyət hüquqları üzrə inzibati işlərinin avtomatlaşdırılması üçün kompüterləşdirilmiş sistem və əqli mülkiyyət hüquqları üzrə milli məlumat bazası toplusu yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR