Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıdan Naxçıvan Muxtar Respublikasına qrafik üzrə nəzərdə tutulan reyslər tam yerinə yetirilmir. Belə ki, həftə ərzində dörd dəfə yerinə yetirilməli olan reyslərin ancaq üçü həyata keçilir.
Bunu “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Mətbuat katibliyinin rəhbəri Məhərrəm Səfərli bildirib.
Onun sözlərinə görə, tələbatın azalması səbəbindən saat 23:50-də Naxçıvana yerinə yetirilməli olan reys qeyri-müəyyən müddətə təxirə salınıb.
“Məhərrəmlik ayı başa çatdıqdan sonra yenidən toylar başlayacaq və uçuşlar əvvəlki qaydada yerinə yetiriləcək. Hətta əlavə uçuşlara da ehtiyac yaranacaq”, - deyə M. Səfərli qeyd edib.
Qeyd edək ki, hər gün Bakı-Naxçıvan-Bakı istiqamətində 4 aviareys (08:20, 13:30, 18:40 və 23:50) yerinə yetirilir. Təyyarə Naxçıvana təxminən 1 saata çatır və 1 saat sonra yenidən Bakıya dönür.
Bu marşrutla reysləri əsasən “Boeing” və “Embraier” təyyarələri ilə yerinə yetirilir.