Cari ilin I yarım illiyində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin bütün istiqamətlər üzrə yükdaşımalarında artım qeydə alınıb.
Limanından “APA-Economics”ə verilən məlumata görə, ümumi yükaşırmanın (neft məhsulları xaric) həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 43,5%-ə qədər artaraq 1,9 mln. ton təşkil edib. Yükaşırmanın 89%-i tranzit yükaşırmanın payına düşüb.
Ələt qəsəbəsində yerləşən bərə terminalında vaqon aşırılması 35,2% artaraq 21,775 min ədədə çatıb. Vaqonların 10,041 mini (46.1%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 5,773 min vaqon (26,5%) Bakı-Aktau-Bakı istiqamətində, 5,961 min vaqon (27,4%) isə cari ilin mart ayında istifadəyə verilmiş Kurik limanından, başqa sözlə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə (Türkmənistan, Qazaxıstan) sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 50%-ə qədər artaraq 14,478 min nəfər olub.
Eyni zamanda nəzərəçarpacaq artım təkərli texnikanın xüsusən də, irihəcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 53,7% artaraq 16,204 min ədəd irihəcmli və digər nəqliyyat vasitəsi təşkil edib. Bunlardan 10,154 min ədədi (62,7%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 6,05 min ədədi (37,3%) Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.
Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2017-ci ilin I yarım ilində keçən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq 290 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və digər yüklərin payına düşüb.