Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Heydər Əliyev Mərkəzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yaradılmasının bir illiyinə həsr olunan “Bakı Limanının dünəni, bu günü və sabahı: Hesabat” adlı tədbir keçirilib.
“APA-Economics” xəbər verir ki, tədbirdə çıxış edən nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevin diqqəti sayəsində bu gün Azərbaycan iqtisadiyyatının bütün sahələri kimi nəqliyyat sektorunun da sürətlə inkişaf etdiyini vurğulayıb. Nazir qeyd edib ki, Bakı Limanının yenidən qurulması Azərbaycanın müasir tarixinin əlamətdar hadisələrindən biridir.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov Bakı Limanının fəaliyyətinin və uğurlarının əsasında Prezident İlham Əliyevin siyasi iradəsi, eləcə də dövlətimizin başçısının onların fəaliyyətinə göstərdiyi yüksək etimadın durduğunu qeyd edib.
“Limanın gələcək inkişafı HUB konsepsiyasının dolğunluğunu, iqtisadi-siyasi, sosial və praktiki əhəmiyyətini, faydalılığını bir daha sübut edəcək”, - deyə T. Ziyadov bildirib.
Xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev dünya bazarlarına etibarlı nəqliyyat çıxışlarının mövcudluğunun Azərbaycan da daxil olmaqla regionda yerləşən bütün ölkələrin iqtisadi inkişafı üçün əhəmiyyət kəsb etdiyini deyib.
“ADA” Universiteti mövzu ilə bağlı geniş elmi tədqiqat aparıb və nəticələrini əks etdirən “Azərbaycan Mərkəzi Asiyanın regional mərkəzi kimi” kitabını nəşr edib. Bu sahədə davamlı elmi tədqiqat və kadr hazırlığına olan ehtiyacı nəzərə alaraq “ADA” Universiteti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə logistika sahəsində magistr proqramına başlayır”, - deyə səfir Hafiz Paşayev bildirib.
Tədbirdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin son bir il ərzində gördüyü işlər, əldə etdiyi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verilərkən bildirilib ki, ötən il ümumi liman üzrə konteyner sayı TEU (ölçü vahidi) ekvivalentində 13 307 ədəd olub, bu isə 2013-cü illə müqayisədə 118% artım deməkdir. 2015-ci ildə Bakı limanının xidmətlərindən istifadə edənlərin sayı ötən illərə nisbətən 10% artaraq 10 707 nəfər təşkil edib.
2015-ci ildə əsas yük terminalında tranzit yüklərin həcmi artaraq ümumi yük dövriyyəsinin 46%-ni təşkil edib. Hazırda Bakı Limanında aşırılan yüklərin 85%-i tranzit yüklərdir. 2015-ci ildə ümumi liman üzrə 3 mln. tondan çox yük aşırılıbsa, 2016-cı ildə bu rəqəmin 6 mln. çox olacağı gözlənilir.
QSC 2015-ci ildə Azərbaycan büdcəsinə 4 146 599 manat vergi ödəyib.