Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı” öz işinə başlayıb.
“APA-Economics” xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə çıxışı zamanı “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illə üçün Milli Strategiya”da informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi yer ayrıldığını bildirib.
“İnformasiya təhlükəsizliyi sahəsi üzrə elmi kadrların hazırlanması istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının keçirilməsidir. Hər il təşkil edilən bilik yarışının əsas məqsədi istedadlı tələbələrin informatika və proqramlaşdırma sahəsində gələcəyin mütəxəssisi olmasına dəstək verməkdir”, - deyə A. Əlizadə bildirib.
A. Əlizadə vurğulayıb ki, Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən milli operator olan “AzScienceNet” elm-kopüter şəbəkəsindən söz açaraq onun fəaliyyətinin əsas istiqamətlərindən birinin məhz informasiya təhlükəsizliyi ilə bağlı olduğunu nəzərə çatdırıb. Akademik “AzScienceNet”in Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə “GEANT” təşkilatlarına üzv olmasını da əlavə edib.
Daha sonra tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda informasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinin dövlət siyasətinin prioritet məsələlərindən biri olduğunu və bu istiqamətdə məqsədyönlü işlər aparıldığını qeyd edib.