Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Hal-hazırda Azərbaycanla İran arasında dəmir yolu xətti mövcud olmadığı üçün yüklərin bir qismi sərhəd gömrük məntəqəsindən yük avtomobilləri ilə keçir".
"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər" adlı beynəlxalq forumda çıxışı zamanı bildirib.
C. Qurbanovun sözlərinə görə, 2014-cü ildə İranla Azərbaycan arasında 50 min ədəd yük maşını hərəkət edib, həmin maşınların 50%-i Rusiyaya ünvanlanıb.
"İran körfəzi-Qara dəniz tranzit dəhlizi ilə bağlı Qəzvin-Rəşt-Astara İran-Azərbaycan dəmir yolunun birləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu layihənin tezliklə başa çatdırılması "Şimal-Cənub" tranzit dəhlizinin inkişafına təkan verəcək. Bu gün Azərbaycan tərəfi olaraq dostlarımızın və həmkarlarımızın dəstəyi ilə nəqliyyat bazarına yeni logistik məhsul olan Cənub-Qərb - İran körfəzi-Qara dəniz nəqliyyat marşrutunu təklif edirik. Bizim ekspertlərdən ibarət olan qrupumuz bu marşrut üzrə perspektiv və inkişaf yollarını araşdırıb və yüklərin daşınması üçün tariflər hazırlayıb. Ümid edirəm ki, bu təklif günün ikinci yarısında müvafiq qurum rəhbərləri ilə müzakirə olunduqdan sonra qəbul ediləcək”, - deyə sədr bildirib.
C. Qurbanov əlavə edib ki, bu tranzit dəhlizi tranzit daşımalarını Hind okeanı və İran körfəzində yerləşən limanlardan, yəni Bəndər-Xomeyni və Bəndər-Abbas limanlarına, oradan isə dəmir yolu xətti ilə İran, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Qara dəniz hövzəsində yerləşən limanlara və əks istiqamətdə iqtisadi baxımdan daha əlverişli şəraitə çatdırılmasını təmin edəcək: "İlkin hesablamalara görə, mövcud infrastrukturu nəzərə alsaq, bu dəhliz üzrə Bəndər-Abbas limanlarından Poti və Batumi limanlarına yükdaşımaların 7 gün ərzində, Mumbai limanından isə 14 günə reallaşdırmaq mümkün olacaq".
"İran Dəmir Yolları" şirkətinin Direktorlar Şurasının sədri Möhsün Purseyid Ağayi isə bildirib ki, Qəzvin-Rəşt-Astara dəmir yolu xəttində işlərin 80%-i başa çatıb: "Biz ümid edirik ki, 2018-ci ilin sonuna kimi, Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisi başa çatacaq. İlkin mərhələdə 5 milyon ton, daha sonra isə il ərzində bu marşrut ilə 10 milyon ton yükün Gürcüstana, oradan isə Qara dəniz vasitəsi ilə Ukraynaya daşınması nəzərdə tutulub".
Qeyd edək ki, tədbirdə həmçinin İranın nəqliyyat və şəhərsalma nazirinin müavini Mohəmməd Seyidnejat, Ukraynanın infrastruktur nazirinin müavini Nikolay Snitko, "Ukrayna Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodnıy iştirak edirlər.