Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi bu gün “Torpaq münasibətlərinin tənzimlənməsində bir pəncərə: bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində optimal yanaşmalar” mövzusunda İşgüzar Forum keçirib.
"APA-Economics"in xəbərinə görə, forumda komitənin Aparatı, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri, eləcə də 30-a yaxın şəhər və rayon bələdiyyəsinin sədrləri və media nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, artıq bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda qeydiyyata aldıra bilirlər: “Müraciətdən sonrakı proses Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin öz fəaliyyətini komitənin digər qurumları ilə elektron qaydada əlaqələndirməklə həyata keçirilir. Bununla da, vətəndaş, eləcə də bələdiyyə hər hansı sənədləşdirmə işində iştirak etmir, hər hansı qurumla təmasda olmurlar. “Bir pəncərə” prinsipinin tətbiq edilməsi ilə, əvvəllər mövcud olan uzun prosedurlar aradan qalxıb. Nəticədə torpaq və əmlak idarəçiliyində operativlik, rahatlıq, əlçatanlıq və şəffaflıq kifayət qədər yüksəlib”.
Sədr müavini bildirib ki, yeniliyin tətbiqi nəticəsində artıq bələdiyyələr də müvafiq torpaq sahəsinin göstəriciləri barədə rəyi də bir ünvana müraciət etməklə əldə edə bilir. “Bələdiyyə torpağının mülkiyyətə, icarəyə və ya istifadəyə verilməsi zamanı bələdiyyə tərəfindən həmin torpaq sahəsinin hansı kateqoriyaya aid olması, iqtisadi qiymətləndirməsi, bontirovkası və digər göstəricilərlə bağlı rəyin alınması “bir pəncərə” qaydasında həll olunur”, - deyə R. Cəlilov qeyd edib.
Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə “Bələdiyyə mülkiyyətinin və əmlakının qanunvericiliyə uyğun tənzimlənməsi” mövzusunda çıxış edib. O, bələdiyyə mülkiyyətinin qanunvericiliyə uyğun olaraq idarə edilməsi, dövlət reyestrində qeydiyyatının əhəmiyyəti, belə mülkiyyətin tənzimlənməsində aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi məsələlərinə toxunub.
Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsinin bələdiyyə torpaqlarının qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqi prosesi barədə təqdimatla çıxışı olub.
Tədbirdə həmçinin torpaqların dövlət idarəetməsi, bələdiyyə mülkiyyəti ilə bağlı rəylərin verilməsi, torpaqların təyinatı məsələləri ilə bağlı çıxışlar dinlənilib və birgə müzakirələr aparılıb.