Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayında Bakı şəhəri üzrə təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 2076 dollar/kv.m-dən - 0,53% azalaraq 2065 dollar/kv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1628 manat/kv.m-dən -0,56% azalaraq 1619 manat/kv.m bəndində qərarlaşıb.
“APA-Economics”in məlumatına görə, bu barədə paytaxtın mənzil və torpaq bazarını araşdıran "MBA Consulting Group" şirkətinin hesabatında bildirilir.
Ümumilikdə noyabr ayında aparılan araşdırmalar göstərir ki, təkrar yaşayış mənzil bazarında təklif olunan bir, iki və dörd otaqlı mənzillərin təklif qiymətlərində müvafiq olaraq -1,98%, -0,87% və -1,42% azalma var. Üç otaqlı mənzillərin qiymətində isə nisbətən artım müşahidə olunub, 0,67%.
Bazarda dövr edən mənzillərin otaq say göstəricilərində tədricən baş verən yerdəyişmə davam edib, təklif olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin payına düşüb. Bütün növ otaqlı mənzillərin təklif sayında artma müşahidə olunub. Nəticə olaraq isə daha çox artım az otaqlı mənzillərin payı düşüb. Təklif portfelində köhnə mənzillərin paylarının artması əsasən “arxitektur”, "eksperiment" və “xruşşov” layihəli binalarda müşahidə olunub.
Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil yeni tikili layihəli 3 otaqlıda qeydə alınıb. Cavanşir körpüsü yaxınlığında yerləşən 170 kv.m sahəyə malik olan, əla təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 3 200 manat təşkil edib. Ən ucuz mənzil isə H.Alanov m/st yaxınlığında yerləşən 85 kv.m-lik sahəyə malik yeni tikili, 2 otaqlı mənzildə qeydə alınıb, 650 manat/kv.m.
Bakı şəhəri üzrə noyabr ayında təkrar mənzil bazarında təklif olunan ən bahalı mənzillər Səbail və Nəsimi rayonlarında qeydə alınıb. Sahil m/st yaxınlığındakı mənzilin satışa çıxarılan təklif qiyməti 3 100 dollar/kv.m, Cavanşir körpüsünün (Qaqarin körpüsü) yaxınlığındakı mənzil isə 3300 dollar/kv.m dəyərində olub. Ən ucuz mənzillər isə H. Aslanov metrosu yaxınlığında və Binəqədi qəsəbəsində yeni tikilən binalarda qeydə alınıb, müvafiq olaraq 650 dollar/kv.m və 670 dollar/kv.m.
Ay ərzində rayonlar üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun baş verib.