Bank Of Baku

Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının iclası keçirilir

Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının iclası keçirilir
# 04 dekabr 2014 08:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxslərinin 46-cı iclası keçirilir.

 

APA-Economics”in məlumatına görə, iclasda çıxış edən Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, ölkəmizdə standartlaşdırma və texniki tənzimləmə sistemlərinin müasirləşdirilməsi və inkişafına dəstək istiqamətində Avropa İttifaqının yeni Tvinning layihəsinə başlanılıb. Layihə çərçivəsində “Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” qanun layihələri hazırlanıb.

 

Standartlaşdırma üzrə texniki komitələrin yaradılması istiqamətində də işlərin getdiyini bildirən R. Həsənov hazırda tikinti sahəsi və tikinti materialları, enerji səmərəliliyi, alternativ və bərpa olunan enerjilər və metrologiya sahələrinin standartlaşdırılması üzrə texniki komitələrin formalaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, komitədə qida məhsulları ilə bağlı beynəlxalq standartlar əsasında milli standartların hazırlanması prosesi aparılır.

 

“Metrologiya sahəsində xüsusi diqqət etalon bazanın genişləndirilməsi və inkişafına yönəldilib. Artıq gələn ildən ölkəmiz metrologiya üzrə nüfuzlu beynəlxalq təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfrans və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda təmsil olunacaq”, - deyə qurumun rəhbəri bildirib.

 

Akkreditasiya sahəsində yeni qanunun qəbulunu qeyd edən R. Həsənov bu sahələrin daha da inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu və bu prosesin davamlı olacağını bildirib.

 

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının məsul katibi Nikolay Soneç iclasın məhz Bakıda keçirilməsinin Azərbaycanın əldə etdiyi iqtisadi güc və regionda söz sahibi olması ilə əlaqələndirib.

 

İclasda həmçinin MDB-yə üzv olan ölkələrin profil qurumlarının rəhbərləri çıxış edib.

 

Qeyd edək ki, iclasda Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, MDB-nin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər Planı, 2013-2015-ci illər üzrə dövlətlərarası standartlaşdırma üzrə işlər Planının aktuallaşdırılması və reallaşdırılması, keçmiş SSRİ zamanı tətbiq edilən hərbi standartların yenidən baxılması, aktuallaşdırılması və müvafiq təşkilati məsələlər üzrə fikir mübadiləsinin aparılacağı gözlənilir.

 

Sonda Dövlətlərarası Şuraya üzv ölkələrin rəhbər şəxsləri tərəfindən iclasın Protokolu imzalanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR