Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin dekabr ayı üzrə Bakının ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1377 dollar/kv.m-dən 1,67% azalaraq 1354 dollar/kv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1080 manat/kv.m-dən 1,67% azalaraq 1062 manat/kv.m bəndində qərarlaşıb.
“APA-Economics”in məlumatına görə, bu barədə "MBA Consulting Group" şirkətinin mütəxəssisləri tərəfindən paytaxtın ilkin yaşayış mənzil bazarında aparılan müşahidələrin nəticəsində deyilir.
Bakı şəhəri üzrə “pod moyak” yeni tikili mənzillərin təklif qiyməti, $/kv.m.


Bazar portfelində ümumi təkliflərin sayı isə ötən ay ilə müqayisədə dəyişməz qalaraq 535 ədəd təşkil edib ki, bu da öz növbəsində 2014-cü ilin əvvəli ilə müqayisədə 0.1% az, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 0,01% çox olub. İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi 800-1250 manat/kv.m qiymət aralığında olan mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 50,9%-ni təşkil edir. Ümumi təklif portfelinin qalan 49,1%-ni isə 800 manat/kv.m-ə qədər olan ucuz mənzillər ilə, qiyməti 1250 manat/kv.m-dən baha olan mənzillərin payına düşür. Hər iki qiymət dəyərində olan mənzillər ayrı-ayrılıqda ümumi bazar payının müvafiq olaraq 25,7% və 23,4%-nə malikdirlər.
Qiymət diapazonu:

Ümumilikdə, 2014-cü ilin dekabr ayındakı aparılan araşdırmalar göstərir ki, ilkin yaşayış mənzil bazarında təklif olunan “pod moyak” mənzillərin təklif qiymətlərində, bir otaqlıların qiymətləri dəyişməz qalıb, lakin iki, üç və çox otaqlı mənzillərin qiymətlərində müvafiq olaraq 8,0%, 5,0% və 6,0% azalma olub. Ümumilikdə ilkin mənzil bazarındakı qiymətlərin nisbətən azalmasını alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah etmək olar.
Son ayda bazarda təklif olunan “pod moyak” mənzillərin ümumi orta sahəsi nisbətən artaraq 113.2 kv.m təşkil edib. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 59.0, iki otaqlı 88.3, üç otaqlı 130.8, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 181.0 və 239.0 kv.m qeydə alınıb.
Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında artım əsasən Nərimanov və Binəqədi rayonlarında qeydə alınıb ki, buna da əsas səbəb tikilməkdə olan binaların yekunlaşmasını göstərmək olar. Ümumilikdə, ay ərzində iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi həmişəki kimi şəhərin II və III zonalarında mütləq çoxluq təşkil edib. Yaranmış vəziyyət isə son nəticədə əhalinin sıxlığının bu zonada artmasına zəmin yaradıb.

İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 4 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Səbail rayonunda, “İçəri Şəhər” m/st yaxınlığında yerləşən 282 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 3 200 manat təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən 75 kv.m-lik sahəyə malik yeni tikili, 2 otaqlı mənzildə qeydə alınıb, 400 manat/kv.m.


Yeni tikili mənzil bazarında ay ərzində Bakı şəhəri rayonları üzrə orta qiymət azalması ən çox Abşeron, Nəsimi və Nizami rayonlarında müşahidə edilib, müvafiq olaraq -5.9%, -6.0% və -9.5%. Qiymət artımı isə daha çox Xətai rayonunda, 4.2% qeydə alınıb.
