Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ayı Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1066 dollar/kv.m-dən 3,75% artaraq 1106 dollar/kv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1117 manat/kv.m-dən artaraq 1159 manat/kv.m bəndində qərarlaşıb.
“APA-Economics”in məlumatına görə, bu barədə paytaxtın ilkin mənzil bazarını araşdıran “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun ötən ay üçün hazırladığı hesabatda deyilir.


May ayında qiymət indeksində 0,22 bənd artım müşahidə edilib.

İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini 1000 dollar/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edir, ümumi portfelin 52,6%-i. Qiyməti 1000-1600 dollar/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 37,5%-dir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 766 dollar/kv.m və 1200 dollar/kv.m-dir. Ümumi təklif portfelinin qalan 9,9%-ni isə qiyməti 1600 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillərdir, burada qeydə alınan orta qiymət isə 2145 dollar/kv.m-dir.

Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir və bu 3 rayonun ümumi təklif portfelindəki payı birlikdə 63,9%-ə bərabərdir.

İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 5 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Səbail rayonunda, “Sahil” m/st yaxınlığında yerləşən 265 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 3 200 dollar təşkil edib. Ən ucuz mənzil isə aprel ayında da olduğu kimi, Masazır qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 53 kv.m olan yeni tikili, 1 otaqlı mənzildə qeydə alınıb, 400 dollar/kv.m.

Son ayda bazarda təklif olunan “pod moyak” mənzillərin ümumi orta sahəsi 0,2% artaraq 119,45 kv.m təşkil edib. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 55,41, iki otaqlı 88,57, üç otaqlı 134,2, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 186,0 və 250,6 kv.m qeydə alınıb.
Hər növ mənzillərin sayında artım qeydə alınıb. Təklif üzrə ən çox artım 2 otaqlılarda qeydə alınıb (42,5%). Bir otaqlıların sayında 26%, üç və dörd otaqlıların sayında isə müvafiq olaraq 4,6% və 9,7% artım qeydə alınıb.

Ay ərzində Nərimanov, Abşeron, Nəsimi və Xətai rayonlarında qiymət artımı (3,3%, 2,3%, 2,2% və 3,3%) qeydə alınıb. Mayda ən çox qiymət azalması isə Binəqədi, Nizami və Səbail rayonlarında (8,2%, 3,9% və 4,1%) qeydə alınıb.
Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (1106 dollar) aşağı olan mənzillər ümumi portfelində daha çox paya, yəni 58,3%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2,6, orta sahə göstəricisi 119,45, hər otağın orta satış qiyməti 57864 dollar, mənzilin orta qiyməti isə 150 448 dollar təşkil edib.