Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti 17-18 may tarixində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
Rabitə Və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir BTİ-nin 150 illik yubileyinə həsr olunan tədbirlərdə İttifaqın Qızıl tərəfdaşı olan Azərbaycanın rabitə administrasiyasının rəhbəri kimi məruzə ilə çıxış edib. Ə. Abbasov 1992-ci ildə BTİ-yə üzv olduğu vaxtdan ilk dəfə olaraq İttifaqın Şurasına seçilən ölkəmizi Cənubi Koreyanın Busan şəhərində keçirilən seçkilərdə dəstəkləmiş üzv dövlətlərə minnətdarlığını bildirib.
Çıxışdan sonra baş katib Houlin Zhao Qızıl Tərəfdaş olaraq BTİ-nin 150 illik yubileyinə həsr olunan tədbirlərə böyük töhfəyə görə Azərbaycan Respublikasını və informasiya-kommunikasiya texnologiyalarının inkişafına verdiyi şəxsi töhfəsinə görə nazir Əli Abbasovu qızıl medal və sertifikatlarla təltif edib.
Yubiley tədbirinin rəsmi hissəsindən sonra nazir Əli Abbasov BMT-nin Cenevrə ofisinin baş direktor vəzifəsini icra edən Maykl Moller, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Kristian Bax, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda və Ruqandanın sahə üzrə administrasiya rəhbərləri, eyni zamanda, Regional Rabitə Birliyinin direktoru, ICANN təşkilatının prezidentinin baş müşaviri, BTİ-nin əməkdaşlıq və resursların mobilizasiyası diviziyasının direktoru, BTİ-nin MDB ölkələri üzrə bölməsinin rəhbəri ilə ikitərəfli görüşlər keçirib və Azərbaycanla əməkdaşlıq istiqamətlərini müzakirə edib.