Bakı. Musa Əhmədov – APA-Economics. Xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən Dövlət Sosial Müdafiə Fonduna edilən müraciətlər daim diqqətlə araşdırılır və operativ şəkildə cavablandırılır.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə,2015-ci ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fonduna xaricdən daxil olan 1730 müraciətin böyük əksəriyyəti MDB ölkələrinə aid olub. MDB ölkələrindən göndərilən 1543 müraciətdən 1498-ni Rusiyadan daxil olan müraciətlər təşkil edib. Müraciətlərdə əsasən vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsi kimi məsələlər öz əksini tapıb.
Xarici ölkələrdən daxil olan müraciətlərin say çoxluğuna görə növbəti yerdə Türkiyə qərarlaşıb. Bu ölkədən Fonda ünvanlanan 184 müraciət əsasən Türkiyə və Azərbaycan arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi kimi məsələləri əhatə edir. Dövlət Sosial Müdafiə Fonduna ünvanlanan digər 48 müraciət isə ayrı-ayrı xarici ölkələrə aiddir.