Bakı. Vüsal Nəbiyev – APA-Economics. Cari ilin yanvar-mart aylarında nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 28,2 mln. ton yük, 384,3 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artım qeydə alınıb.
Sərnişinlərin 96,1%-i avtobus, 3,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Bundan başqa, avtomobil nəqliyyatı ilə bu rüb ərzində daşınan yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.
Qeyd edək ki, ümumilikdə birinci rüb ərzində nəqliyyat sektorunda sərnişindaşımaların 87,9%-i, yükdaşımaların isə 58,5%-i avtomobil nəqliyyatının payına düşür.