Bakı. Ramiz Mikayıloğlu-APA. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çin Xalq Respublikasının “Cedar Ave Capital” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanda dəmir yolunda həyata keçirilən layihələr, qarşıda duran vəzifələr haqqında məlumat verib.
C. Qurbanov bildirib ki, “Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi zamanın tələbidir: "Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Dəmir Yolları” QSC üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələri səfərbər edir".
Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlər, eləcə də 3 avqust 2015-ci ildən etibarən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə həyata keçirilən konteyner daşımaları ilə bağlı fikir mübadiləsi aparılıb. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.