Bakı. Vüsal Nəbiyev - APA-Economics. Daşkəsən rayonunda bir müddət bundan öncə aramsız yağan yağışlar nəticəsində qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib.
"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən xəbərə görə, 1937-ci ildə inşa edilmiş və istismar müddəti bitmiş körpü 24 kilometr uzunluğunda olan Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrliyində yerləşir.
Metal konstruksiyadan ibarət körpünün uzunluğu 10 metr, hündürlüyü 8 metr, eni isə 3,5 metr idi. Körpünün dayaqları qaya daşlarından inşa edildiyi üçün bəzi hissələri dağılmış vəziyyətdə idi. Təmir-bərpa işləri zamanı körpü demək olar ki, sökülərək yenidən tikilib. Dayaqlar və hərəkət hissə dəmir-beton, aşırım hissə isə metal konstruksiyalardan yenidən inşa edilib. Körpünün eni 3,5 metrdən 6 metrə qədər genişləndirilib. 24 paqon-metr uzunluğunda təkərqaytaranlar və dəmir mühəccərlər quraşdırılıb.
Körpünün bərpa olunması ilə vətəndaşların rahat gediş-gəlişi təmin olunub.
Daşkəsən-Xoşbulaq yolunun 5-ci km-də də selin yaratdığı fəsadlar aradan qaldırılıb. Yol daha təhlükəsiz əraziyə doğru genişləndirilib. Genişləndirilmiş hissənin uzunluğu təqribən 100 metrdir. Avtomobil yolunun altından suların ötürülməsi üçün iki gözlü, 12 paqon-metr uzunluğunda və 1500 mm diametrində boru quraşdırılıb.
Qeyd edək ki, sel suları bir müddət bundan öncə avtomobil yolunun bir hissəsini və iki ədəd su borusunu sıradan çıxarıb.