Bakı - APA. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Azərbaycanda Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Yaradılması” layihəsinin uğurla tamamlanmasına həsr olunmuş birgə açılış mərasimi keçirib.
KOİCA-dan APA-ya verilən məlumata görə, rəsmi açılış mərasimindən öncə qonaqlar layihənin sinif otaqları, server otağı, studiyası və s. daxil olmaqla təlim mərkəzi ilə tanış olublar.
Koreyanın Azərbaycandakı səfiri Cənab Choi Suk Inn layihənin uğurla tamamlanması barədə öz məmnuniyyətini bildirərək, İKT sahəsinin Azərbaycan iqtisadiyyatının yeni inkişaf etməkdə olan mühərriki kimi çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və Koreya-Azərbaycan əlaqələrinin xüsusilə də informasiya texnologiyaları və elektron hökumət sahələrinin daha da inkişaf etdirilməsinə ümid bəslədiyini bildirib. O deyib ki, bu layihə Koreya hökumətinin təcrübəsinin və nou-hausunun Azərbaycanla bölüşülməsi üçün təşəbbüslərinin bir hissəsidir.
Öz növbəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov layihə haqqında məlumat verərək bildirib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Strategiyasına əsasən Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafını reallaşdırır. BMT-nin Elektron Hökumət üzrə sorğusuna əsasən Koreyanın ən yüksək pillələrdə yer aldığını deyən nazir İKT və elektron hökumət sahəsində Koreya təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb. O, Koreya Respublikasının Azərbaycandakı səfiri və KOİCA nümayəndəliyinə Azərbaycandakı fəaliyyətləri ilə bağlı minnətdarlığını bildirib.
Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Koreya hökumətinə dövlət qulluqçularının təhsilini dəstəklədiyinə görə öz minnətdarlığını bildirib. O, insan resurslarının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayaraq, təlim mərkəzləri vasitəsilə dövlət qulluqçularının təhsil imkanlarının və potensiallarının artırılacağını ümid etdiyini bildirib.
Qeyd edək ki, layihə üzrə Qrant Razılaşması 2013-cü il aprelin 18-də Koreyanın Xarici İşlər Nazirliyi və Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İnn və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən imzalanıb. 3,7 mln. ABŞ dolları məbləğində büdcəyə malik 3 illik layihə KOİCA tərəfindən həyata keçirilib. Layihənin məqsədi Elektron Təhsil İnformasiya Sisteminin yaradılması, mərkəzi və regional e-hökumət təlim mərkəzinin qurulması, informasiya texnologiyaları avadanlıqlarının təchiz edilməsi, azərbaycanlı dövlət qulluqçularının İKT potensialının artırılması, Koreya texnologiyasının nou-hausu və inkişaf təcrübəsinin bölüşülməsi ilə İKT və e-hökumət potensialının təşviq olunmasından ibarətdir.
Layihə çərçivəsində KOİCA Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəki də daxil olmaqla Azərbaycanın 16 regionunda təlim mərkəzi yaradıb. Koreya tərəfi təlim mərkəzlərində portal, e-təhsil, distant mühazirə, və s daxil olmaqla təhsil informasiya sistemini yaratmış və mərkəzləri İKT avadanlıqları ilə təchiz edib. Dövlət qulluqçuları bu cür təşkil olunan təlimlərdə iştirak edərək distant təlim xidmətlərindən yararlana biləcəklər. Mərkəzlər ictimai idarəetmə və digər sahələrdə elektron hökumət fikirlərinin tətbiqi, informasiya cəmiyyətinin inkişafının təmini kimi xidmətlər göstərəcək və ümumilikdə e-təhsil səviyyəsinin yüksəldilməsinə töhfə verəcəkdir, həmçinin kağızsız onlayn idarəetmə mühiti və müxtəlif növ təlim proqramları təşkil etməklə dövlət qulluqçularının məkan və zamandan asılı olmayaraq, təlim almalarının vasitəsilə elektron xidmətlərin səviyyəsini artıracaq.