Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanla Türkiyə arasında elektron hökumət sayəsində əməkdaşlıq həm nəzəri, həm də texnoloji baxımdan mümkündür.
“APA-Economics”in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.
Azərbaycanda "elektron imza" ilə bağlı qanunda xarici sertifikat mərkəzlərinin verdiyi sertifikatların tanınma mexanizmlərinin mövcud olduğunu qeyd edən nazir müavini deyib ki, Türkiyə şirkətlərinin Azərbaycanda verdiyi sertifikatlar məqbul sayıla bilər: “Azərbaycanda da “elektron hökumət” portallarına girmək üçün elektron imza əsas götürülür. Odur ki, bu vasitələrin tanınması baş tutarsa, bu artıq çox qapıları aça bilər”.
E. Vəlizadə hesab edir ki, Azərbaycanda verilən elektron sertifikatlar da Türkiyədə tanına bilər. Çünki Azərbaycanda tətbiq edilən “elektron imza” texnologiyası dünyada qəbul edilən sistemə uyğundur. Onun fikrincə, bu istiqamətdə müəyyən addımlar atmaq mümkündür.