Bakı. Musa Əhmədov –APA-Economics. Sentyabrın 8-10 tarixlərində Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Kinoloji Mərkəzində MDB iştirakçı dövlətlərin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə V yarışı keçirilib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”Ə verilən məlumata görə, yarışa Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan və Özbəkistan gömrük xidmətlərinin kinoloji strukturlarının təlimatçı-kinoloqları qatılıb.
Xüsusi təlim görmüş itlər narkotik vasitələrin əl yüklərində, qapalı şəraitdə, minik avtomobillərində, yük avtomobillərində axtarışı və xidməti itin ümumi itaəti kateqoriyaları üzrə məharətlərini göstəriblər.
Fərdi yaışlarda 1-ci yeri Qazaxıstan, 2-ci yeri Azərbaycan, 3-cü yeri isə Rusiya təmsilçiləri tutub. Komanda hesabında isə Rusiya 1-ci, Azərbaycan 2-ci, Qazaxıstan isə 3-cü yerdə qərarlaşıb.
Sentyabrın 11-də yarış iştirakçılarının mükafatlandırılma mərasimi keçirilib.
Mükafatları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı, Rusiya Federasiyası Federal Gömrük Xidməti Kinoloji Mərkəzinin rəisi Pyotr Veklenko və digər rəsmilər təqdim ediblər.