Heydər Əliyev prospektində sürət həddi əvvəlki səviyyəyə qaytarılıb.
Bu barədə "APA-Economics"ə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.
"Bu səhər Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsindən sonra zolaqlardan birində sürət həddi 90 km/saatdan 60 km/saata endirilmişdi. Hazırda isə sürət həddi əvvəlki səviyyəyə, yəni 90 km/saata qaytarılıb", - deyə o qeyd edib.
*** SAAT 09:31
Bu gün səhər saatlarında Heydər Əliyev prospektində iki minik avtomobilinin toqquşması nəticəsində tıxac yaranıb.
APA-nın məlumatına görə, qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. Xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.
Hadisə ilə əlaqədar prospektin metronun "Koroğlu" stansiyasından paytaxtın mərkəzi istiqamətində əsas və köməkçi yolunda tıxac yaranıb.
Bakı Nəqliyyat Agentliyindən APA-ya bildirilib ki, hadisə baş verən andan etibarən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər iki yolda sürət həddi 60 km/saata endirilib.