Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondunun yüksək keyfiyyətli buğdanın tədarükü ilə bağlı elanından sonra bu günə qədər fermerlərdən 100-dən çox müraciət olub.
"APA-Economics" xəbər verir ki, FHN-in Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov keçirdiyi mətbuat konfransında bildirib ki, uzun illərin müşahidəsi yerli buğda istehsalçılarının buğdanın keyfiyyətinə az önəm verdiyini göstərir.
“Bizim yerli buğda istehsalçılarının keyfiyyətli buğda tədarükü yoxdur. Bəzən buğdanın keyfiyyət göstəriciləri qəbul olunmuş standartlara cavab vermir. Buna səbəb fermerlərin buğdanın becərilmə prosesi zamanı yol verdikləri yanlışlıqlardır. Bundan başqa, fermerlərimiz keyfiyyətli toxum almırlar. Buğdanın elə növləri var ki, onlar çörək üçün, eləsi də var ki, makaron üçün, bəziləri isə spirt üçün nəzərdə tutulur. Buna görə də, fermerlər sortun seçimində diqqətli olmalıdırlar. Dünyada qəbul olunmuş normalar var. Azərbaycan vətəndaşı daha keyfiyyətli çörəklə qidalanmalıdır. Bəzən insanlar “ərzaqlıq buğda istehsal olunub”, - deyə ifadə işlədirlər. Lakin Azərbaycanda istehsal olunan buğdanın hamısı ərzaqlıq, çörək bişirilməsi üçün nəzərdə tutulmur”, - deyə idarə rəisi əlavə edib.
İdarə rəisi onu da əlavə edib ki, Azərbaycanda fermerlər bərk buğda istehsalında maraqlı deyillər: “Hal-hazırda Azərbaycanda 35-40 min ton bərk buğdaya ehtiyacı var. Bu buğda növləri həmçinin baha qiymətə alınır”.