Tehran. Süleyman Fərzəliyev - APA. İran Fransa ilə aviasiya və dəmir yolu sahəsində əməkdaşlıq edəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, Fransa nəqliyyat naziri Alan Vidalis bu gün Tehranda İranın yol və şəhərsalma naziri Abbas Axundi ilə görüşüb.
“Qərara almışıq ki, İran və Fransa şirkətlərinə birgə layihələrdə əməkdaşlıq üçün güzəştlər edilsin. Təyyarələrin alınması, hava limanlarının yenidən qurulması kimi məsələlərdə iki ölkənin şirkətləri əməkdaşlıq edəcək”, - deyə o bildirib.
Fransalı nazir yaxın həftələrdə “Airbus” şirkətinin nümayəndələri İran tərəfi ilə müqavilə imzalayacaqlar. “Airbus” şirkətinin səhmlərinin 10 faizi ABŞ-a məxsusdur. Bu texnologiyaları İrana gətirmək üçün ABŞ-dan lisenziya lazımdır”, - deyə o vurğulayıb.
A. Axundi isə Fransa şirkətlərindən İrandakı fəaliyyəti üçün layihələri təqdim etməsini istədiyini bildirib. Onun sözlərinə görə, İranla Fransa arasında ticarət dövriyyəsinin həcmi 2016-2017-ci illərdə artacaq. “Fransa ilə son 1,5 il ərzində müxtəlif müzakirələrimiz olub. “İran Air” və “Airbus” şirkətləri arasında danışıqlar davam edir və biz bu danışıqlara dövlət olaraq nəzarət edirik”.
O həmçinin deyib ki, iki ölkə dəmir yolu və aviasiya sahəsində müxtəlif layihələri icra edəcək.