Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan gömrük orqanlarının əməkdaşları İran vətəndaşının üzərində 2 büküm, daxili orqanında isə 5 büküm narkotik vasitə aşkar ediblər.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Mahboubalı Taghavının üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 23,108 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 3,113 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.
Bundan başqa, M. Taghavının hərəkətləri şübhə yaratdığı üçün onun üzərində şəxsi yoxlama davam etdirilib və nəticədə, İran vətəndaşının daxili orqanından (düz bağırsağından) cəmi 5 ədəd bükümdə, ümumi xalis çəkisi 118,909 qram olan narkotik vasitə - tiryək aşkar edilib.