Bakı. Vüsal Nəbiyev - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Kodeks Alimentarius Milli Komitəsinin 2015-2017-ci illər üçün Fəaliyyət Planı və qida məhsulları standartlarının müzakirəsi ilə bağlı iclas keçirilib.
Komitənin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, iclasda komitə mütəxəssisləri ilə yanaşı, Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri çıxış edərək dünyanın inkişaf etmiş ölkələrində qida təhlükəsizliyinin ən vacib amillərdən biri olduğunu bildiriblər.
Çıxışçılar qida məhsulları standartları sırasında Kodeks Alimentarius standartlarının vacibliyini xüsusi vurğulayaraq bu sənədlərin ölkəmizdə tətbiqi imkanları haqqında fikir bildiriblər.
Sonra yeni hazırlanmış AZS CODEX STAN 310-2014 “Nar”, AZS CODEX STAN 87-2014 “Şokolad və şokolad məmulatları”, AZS CODEX STAN 152-2014 “Buğda unu”, AZS CODEX STAN 279-2014 “Kərə yağı”, AZS CODEX STAN 33-2014 “Zeytun yağı və cecələrdən çəkilmiş zeytun yağı”, həmçinin “Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər”, “Qida gigiyenasının ümumi prinsipləri-tövsiyyə edilən beynəlxalq kodeks” standart layihələri və Milli Komitənin 2015-2017-ci illər üçün Fəaliyyət Planı müzakirə edilib.