Bank Of Baku

Los-Anceles şəhərində də “Narkotiklərə yox deyək!” devizi altında tədbir keçirilib - FOTOSESSİYA

Los-Anceles şəhərində də “Narkotiklərə yox deyək!” devizi altında tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 16 fevral 2015 15:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics.  Fevralın 12-də ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan Dövlət Gömrük Komitəsi və Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun birgə təşkilatçılığı ilə “Narkotiklərə yox deyək!” devizi altında geniş tədbir keçirilib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, nüfuzlu “Qızıl kürə“ mükafatının hər il keçirildiyi məkanda təşkil olunan və Azərbaycan rəmzlərinin əks etdirildiyi səhnənin qurulduğu tədbirdə 600-dən çox tamaşaçı, o cümlədən Los-Anceles ictimaiyyətinin tanınan nümayəndələri, burada fəaliyyət göstərən bir sıra ölkələrin baş konsulları, müxtəlif qurum və təşkilatların təmsilçiləri, eləcə də Azərbaycan və digər icmaların fəalları iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev narkotik vasitələrin qaçaqmalçılığı və qeyri-qanuni istifadəsinin bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri olduğunu deyib. Baş konsul bu problemə qarşı mübarizəyə Azərbaycan rəhbərliyi tərəfindən xüsusi diqqət yetirildiyini və bunun sayəsində önəmli nəticələrin əldə edildiyini diqqətə çatdırıb. Diplomat tədbirin əsas məqsədinin narkotik vasitələrin mənfi təsirləri barədə ictimaiyyəti məlumatlandırmaq və bütün insanlığa qarşı olan bu fəlakətlə mübarizədə beynəlxalq əməkdaşlığın önəmini bir daha vurğulamaq olduğunu bildirib.

 

DGK “Azərterminalkompleks” Birliyinin direktoru Qambay Əliyev Azərbaycan gömrükçülərinin həyata keçirdiyi fəaliyyət və əldə etdikləri uğurlar barədə geniş məruzə ilə çıxış edib. Q.Əliyev narkotiklərdən istifadənin ümumbəşəri bir problem olduğunu əsas gətirib bu bəla ilə mübarizədə bütün səylərin birləşdirilməsinin vacib olduğunu diqqətə çatdırıb. O, həmçinin, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə DGK-nın “Narkotiklərə yox deyək!” mövzusunda müxtəlif ölkələrdə keçirdiyi sərgilərdən bəhs edib.

 

Sonra ABŞ-ın narkotiklərə qarşı mübarizə üzrə ən tanınmış təşkilatı olan D.A.R.E.-in (Drug Abuse Resistance Education) prezidenti Frank Pequeros və Los-Anceles vilayətinin Nəzarətçilər Şurasının təmsilçisi Lurdes Saab çıxış ediblər. Məruzəçilər xüsusilə gənc nəslin maarifləndirilməsi işində belə tədbirlərin keçirilməsinin vacibliyini, bu istiqamətdə Azərbaycanın beynəlxalq səviyyədə apardığı ardıcıl təbliğat işlərinin təqdirəlayiq hal olduğunu vurğulayıblar.

 

Daha sonra Los-Anceles şəhərinin meri Erik Qarsetti tərəfindən imzalanmış bəyannamə təqdim olunub. Bəyannamədə 12 fevral tarixinin Los-Anceles şəhərində “Beynəlxalq Narkotiklərə Yox Deyək” günü elan olunduğu bildirilir. Bəyannamədə Azərbaycanın narkotik vasitələrin qaçaqmalçılığına və qeyri-qanuni istifadəsinə qarşı apardığı mübarizə təqdir olunur.

 

Qeyd edək ki, iki hissədən ibarət olan tədbir konsert ilə davam edib.

 

Azərbaycanın tanınan incəsənət ustaları tərəfindən milli musiqi nümunələri səsləndirilib. Bu səpkidə bəstəkar Vüqar Camalzadənin müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın solistləri - xalq artisti Samir Cəfərov və əməkdar artist Afaq Abbasovanın, həmçinin, populyar müğənni Ayaz Qasımovun çıxışları sürəkli alqışlarla qarşılanıb. Bundan başqa, San-Dieqo Baletinin sənətçilərinin Qara Qarayevin “Yeddi gözəl” baletindən ifa etdikləri səhnə böyük marağa səbəb olub.

 

Konsertdən sonra isə qonaqlar “Narkotiklərə yox deyək!” sərgisi ilə tanış olublar.

 

Azərbaycanlı və xarici sənətkarların narkomaniyaya qarşı mübarizə mövzusunda karikaturaları, heykəltəraşlıq və rəngkarlıq əsərlərindən ibarət olan və Dövlət Gömrük Komitəsinin tərtib etdiyi sərgi maraqla qarşılanıb.

 

Xatırladaq ki, Los-Ancelesdən öncə oxşar tədbir fevralın 6-da San-Fransisko şəhərində də təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR