Bakı. Vüsal Nəbiyev – APA-Economics. Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayacaq.
“APA-Economics”in “Şərq qapısı” qəzetinə istinadən verdiyi xəbərə görə, bununla bağlı işçi qrupunun ilk görüşü olub.
Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının açılması ilə bağlı keçirilən ilk müzakirədə işçi qrupunun üzvləri iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən danışıblar.
Naxçıvan dəmiryol vağzalında keçirilən görüşdə belə tədbirlərin hər iki ölkənin vətəndaşları tərəfindən razılıqla qarşılandığı vurğulanıb. İlk görüşdə Azərbaycan tərəfdən “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov, “Naxçıvan Dəmir Yolları” MMC-nin direktoru Mahir Əliyev, İran tərəfdən Azərbaycan Dəmiryolu Təşkilatının baş direktoru Mirhüseyn Musəvi, İran Dəmir Yolları Sərni şindaşıma Xidmətinin baş müdiri Mürtəza Cəfəri iştirak ediblər.
Qarşıdakı günlərdə Azərbaycan və İran dəmir yolu rəhbərlərinin iştirakı ilə keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq məqsədi daşıyan işçi qrupunun görüşündə bir sıra texniki məsələlər, sərnişin qatarının qrafiki və tariflər müzakirə olunub.