Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam verib.
APA-nın məlumatına görə, sərəncama əsasən Nazirlər Kabinetinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi, Əmlak Məsələləri Dövlət Komitəsinin Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi sahəsində səlahiyyətləri ləğv edilib.
Dəyişikliyə əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin idarə, filial və nümayəndəliklərinin yaradılması və ləğvi, törəmə hüquqi şəxslərin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata keçiriləcək və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat veriləcək. Eyni zamanda əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi də Cəmiyyət tərəfindən həyata keçiriləcək. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin Cəmiyyətin Nizamnaməsi ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üçün xüsusi razılıq (lisenziya), icazə, sertifikat alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya), icazə, sertifikat alınmış hesab edilir və yenidən alınması tələb olunmayacaq. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətləri Cəmiyyət tərəfindən həyata keçiriləcək.
Sərəncama əsasən Nazirlər Kabinetinə “2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlamaq və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nizamnamə kapitalının artırılması, onun maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması ilə bağlı zəruri tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Eyni zamanda Nazirlər Kabinetinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əsas fəaliyyət istiqamətlərinə aid olmayan, eyni zamanda, saxlanılması üçün xeyli vəsait tələb edən (qeyri-profilli) aktivlərin realizə edilməsindən əldə olunan vəsaitin su nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsinə yönəldilməsini təmin etmək məqsədi ilə tədbirlər görmək tapşırılıb. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.