Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsinin həyata keçirdiyi fəaliyyət nəticəsində 2014-cü il Azərbaycanda daşınmaz əmlakla əməliyyatların həcmi öz tarixində ən yüksək həddə çatıb və rekord göstəricilər qeydə alınıb.
Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ildə 205,2 min daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb ki, bu da indiyədək ölkədə qeydə alınmış ən yüksək göstəricidir.
2014-cü ildə daşınmaz əmlakla əməliyyatların həcmi 2013-cü ilə nisbətən 28 min ədəd və ya 15,9% artıqdır. Son 5 ildə ölkədə qeydiyyatı aparılan əmlakların sayı 2,3 dəfə artaraq 2009-cu ildəki 89 mindən 2014-cü ildə 205,2 minə yüksəlib.
Ən sürətli artım isə 2011-ci ildə qeydə alınıb. Həmin il daşınmaz əmlakla əməliyyatların həcmi 56% artaraq 94,7 mindən 147,4 minə yüksəlib.
Əmlakla əməliyyat sonrakı illərdə də mütəmadi şəkildə artıb. 2012-ci ildə 151,5 min, 2013-cü ildə isə 177,1 min əmlakın qeydiyyatı aparılıb.