Bank Of Baku

Qobustanda içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur - FOTO

Qobustanda içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur - <span style="color: red;">FOTO
# 12 may 2015 12:08 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanıb.

 

“Azərsu”nun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, mayın 10-da Qobustan şəhərində işlərə başlanılması münasibətilə təməlqoyma mərasimi keçirilib.

 

Tədbirdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Qobustan şəhərində işlərə başlanması Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə təsadüf edir.

 

“Heydər Əliyev strategiyasının  layiqli davamçısı prezident İlham Əliyevin hər bir yaşayış məntəqəsinin dayanıqlı  və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu gün 50-dən artıq rayonda içməli su və kanalizasiya layihələri icra olunur ki, bunların 40-da tikinti  işlərinə başlanılıb. Artıq bu şəhərlərin bəzisində layihə tam başa çatıb, bəzisində içməli su şəbəkəsi üzrə işlər yekunlaşıb. Bu gün “Azərsu” ASC-nin sifarişi ilə 27-ci şəhərdə - Qobustanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti işlərinə başlanılır. Qobustan rayonunda içməli su mənbələri məhduddur, rayon mərkəzində və kəndlərdə içməli su problemi müşahidə olunur. Prezident qısa müddətdə bu məsələnin həll edilməsi tapşırığını verib. Bunu nəzərə alıb və bu gün təməli qoyulan layihənin icrasını gözləmədən 2011-2012-ci illərdə dövlət büdcəsi vəsaiti hesabına Qobustan şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Təsi kəndi yaxınlığında 2 subartezian quyusu qazılıb, Təsi və Bədəllidə qaldırıcı nasos stansiyaları, anbarlar tikilib, Qobustan şəhərinə qədər 21 km uzunluğunda (325-220 mm polad borularla) magistral kəmər çəkilib. Bu kəmərdən artıq rayonun Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilib. Bu gün icrasına başlanan yeni layihə çərçivəsində Qobustan şəhər əhalisinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini əsaslı şəkildə yaxşılaşdıracaq. İşlərin 2 il müddətinə başa çatdırılması nəzərdə tutulur, amma kollektivimiz çalışacaq işləri daha tez yekunlaşdırsın”, - deyə Q.Hüseynov bildirib.

 

Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Qobustan şəhərinin su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasının şəhərin sosial-iqtisadi inkişafına töhfə verəcəyini qeyd edib: “Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Qobustanda böyük quruculuq-abadlıq işləri görülür. Rayon əhalisinin kommunal problemlərinin həllinə xüsusi diqqət yetirilir. Xüsusi vurğulamaq istəyirəm ki, 2012-ci ildə Təsi kəndində qazılan quyulardan şəhərə suyun verilməsi ötən yay müşahidə olunan quraqlıqda yarana biləcək su çatışmazlığının qarşısını alıb”.

 

“Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-ci ilə qədər perspektiv inkişaf  nəzərə alınmaqla Qobustan şəhərində 11 700 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcək.

 

Əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi üçün Təsi kəndi yaxınlığında 6 ədəd subartezian quyusunun qazılması, məhsuldarlığı sutkada 3 800 kubmetr olan əks-osmos tipli sutəmizləyici qurğunun, su mənbəyində nasos stansiyasının, Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2000 kubmetr olan 4 su anbarının, 7,1 km uzunluğunda anbarlararası xəttin inşası nəzərdə tutulur.

 

Layihə çərçivəsində Qobustan şəhərində 61,4 km uzunluğunda içməli su şəbəkəsi tikiləcək, 3007 ünvana birləşmə veriləcək. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə hər bir abunəçinin smart-kart tipli sayğacla təmin edilməsi nəzərdə tutulur.

 

Layihəyə uyğun olaraq Qobustan şəhərində kanalizasiya sistemi də yaradılacaq. Bu məqsədlə 52,1 km uzunluğunda kanalizasiya şəbəkəsi, 7 km kanalizasiya kollektoru tikiləcək və 2 875 ünvana birləşmə veriləcək. Qobustan şəhərində tullantı suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 2 500 kubmetr olan çirkab sutəmizləyici qurğuda həyata keçiriləcək.

 

Layihənin icrasının 2017-ci ilin ortalarında başa çatdırılması nəzərdə tutulur.

 

Qeyd edək ki, Qobustan şəhərinin 42 km uzunluğunda mövcud su şəbəkəsi şəhəri tam əhatə etmir və istismar tələblərinə cavab vermir. “Azərsu” ASC 8 700 nəfər əhalisi olan şəhərin cəmi 1 700 sakininə və ya təqribən 20%-nə xidmət edir, əhalinin qalan hissəsi tələbatını fərdi qaydada ödəyir. Qobustan şəhərində kanalizasiya sistemi mövcud deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR