Bakı. APA-Economics. I Avropa Oyunlarının rabitə, internet xidmətləri və televiziya yayımı ilə təmin olunmasında fəal iştirak etmiş şəxslər rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə mükafatlandırılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, əmrə əsasən, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bir qisim əməkdaşı Fəxri Fərmanla təltif edilib.
Mükafatlandırılanlar arasında BAOƏK-in Baş əməliyyat müdiri Saymon Kleq, Biznes administrasiyasının direktoru Nigar Əfəndiyeva, Texnologiya direktoru Adriyan Korkareyn, Telekommunikasiya rəhbəri Toni Dadli, Spektrin idarə edilməsi üzrə baş meneceri Rod Stabs, Mobil rabitə üzrə baş menecer Aleksis İlliadis, layihə rəhbərləri Aleksandr Şer, Ayaz Cəmilov, Murad Əzizov, Xəqani Abdullayev, Hidayət Ağayev və Murad Tahirov da var.
I Avropa Oyunlarının rabitə və internet xidmətləri, televiziya yayımı və informasiya təhlükəsizliyi ilə təmin olunmasında nazirliyin, qurum və müəssisələrin fəal iştirak etmiş əməkdaşları Fəxri Fərmanla təltif ediliblər. Fəxri Fərmanla təltif edilənlər nazirin birinci müavini İltimas Məmmədov, nazirliyin İnfrastrukturun inkişafı şöbəsi Telekommunikasiya sektorunun müdiri Nazim Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktorunun müavini Əhməd Mehdiyev, Dövlət Radio Tezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev, DRİ-nin mühəndisi Şamil Qasımzadə, Məlumat Hesablama Mərkəzinin baş mühəndisi Sahib Nəcəfov, Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanovdur.
I Avropa Oyunlarının telekommunikasiya, internet və mobil rabitə xidmətlərini, televiziya yayımını, informasiya təhlükəsizliyini yüksək səviyyədə təmin etdiklərinə görə və BAOƏK-in RYTN-ə təqdim edilmiş müsbət rəyini nəzərə alaraq BTRİB, DRİ, “Aztelekom” İB, “Azərkosmos” ASC, “Teleradio” İB, “Azərmarka” MMC, “Azercell Telekom” MMC, “Bakcell” MMC, “Azerfon” MMC, “DeltaTelecom LTD” MMM, “Telecomİnvest” MMC və “Eurodesign” QSC də Fəxri Fərmanla təltif edilib.
I Avropa Oyunlarının rabitə və internet xidmətləri, televiziya yayımı və informasiya təhlükəsizliyi ilə təmin olunmasında fəal iştirak etmiş bəzi əməkdaşlara isə pul mükafatı təqdim olunub.