Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Yaxın vaxtlarda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan və İran hissələrinin layihə-tikinti işlərinə başlanılacaq.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vu barədə Azərbaycan və İran nümayəndə heyətlərinin Azərbaycan və İranın Astara şəhərlərində keçirilmiş görüşləri zamanı razılıq əldə edilib.
Ümumilikdə, Azərbaycan tərəfindən dəmir yolunun Azərbaycana aid 8,3 km-lik hissəsinin, İran tərəfdən isə bu ölkəyə aid 2 km-ə yaxın hissəsinin tikintisi nəzərdə tutulur. Hazırda Azərbaycan və İran arasında yükdaşımaları avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir və bu daşımaların həcmi 600 min tona yaxındır.
Azərbaycan və İran dəmir yolu xətləri birləşdirildikdən sonra yükdaşımaların həcminin dəfələrlə artması, birinci mərhələdə 5 mln. tona, ikinci mərhələdə isə 10 mln. tona çatdırılması gözlənilir. Bütünlükdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan və İran hissələrinin tikintisi böyük siyasi və iqtisadi əhəmiyyət daşımaqla yanaşı, ölkələrimizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.