Salyan. Əlibəy Zeynallı - APA. Uzun müddət yararsız vəziyyətdə olan Salyan-Şirvan avtomobil magistralının əsaslı təmir və tikintisinə start verilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hazırda yonun bir hissəsi asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq vəziyyətinə gətirilir, digər hissəsində isə asfaltlaşdırma işləri aparılır. 69 saylı yol istismar idarəsi tərəfindən aparılan təmir işlərinə 20-yə yaxın müxtəlif təyinatlı texnika və 60-dan çox işçi qüvvəsi cəlb edilib.
Qeyd edək ki, uzunluğu 34 kilometr olan avtomobil yolu indiyə kimi əsaslı təmir edilmədiyindən bərbad hala düşüb. Dövlət başçısı İlham Əliyevin sərəncamına əsasən Prezidentin Ehtiyat Fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq ayrılan 2 mln. manat vəsait hesabına yolun əsaslı təmir və tikintisinə başlanılıb. Daha sonra təmir işləri üçün əlavə 3 mln. manat ayrılıb. Tikintidə müəyyən fasilələr olsa da son günlər işin sürəti daha da artıb.
Hazırlıq vəziyyətinə gətirilən yolun 5 kilometr hissəsinin 2 kilometrində asfaltlaşma işləri aparılıb. Ümumilikdə eni 13 metr olan avtomobil yolunun 9 metrinə asfalt örtüyü döşənir. Asfalt örtüyünün qalınlığı 25 santimetr olacaq. Yolun tikintisi başa çatdıqdan sonra 20-yə yaxın yaşayış məntəqəsinin 30 mindən çox əhalisi bu yoldan istifadə edəcək.