Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Türkiyənin keyfiyyət infrastrukturu üzrə fəaliyyət göstərən qurumların rəhbər şəxsləri ilə görüş keçirilib.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, komitənin sədri Ramiz Həsənov Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq əlaqələrinin hər iki ölkənin keyfiyyət infrastrukturu sahələri üzrə əməkdaşlığa müsbət təsirini göstərib. Komitə sədrinin sözlərinə görə, ölkəmizdə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və standartlara dövlət nəzarəti sahələri beynəlxalq tələblərə uyğunlaşdırılıb: “Azərbaycan prezidentinin Fərmanı ilə bu sahələrin daha da inkişaf etdirilməsi və müasir təcrübənin tətbiqi məqsədilə Dövlət Metrologiya Xidməti, Dövlət Akkreditasiya Xidməti və Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti yaradılıb. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunu qəbul edilib”. Bu işlərin davamlı olması və keyfiyyət infrastrukturu sahələrində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Türkiyə təcrübəsinin də öyrənilməsinin vacibliyini qeyd edən sədr R. Həsənov kadr mübadiləsinin aparılmasını təklif edib.
Təklifi məmnuniyyətlə qəbul edən Türkiyə nümayəndə heyətinin rəhbəri Türkiyənin İqtisadiyyat Nazirliyinin Məhsul Təhlükəsizliyi və Yoxlama üzrə Baş İdarəsinin müdiri Mehmet Karabay iki ölkə arasında əməkdaşlığın bundan sonra da davam edəcəyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda türkiyəli iş adamları üçün yerli sahibkarlar qədər münbit şərait yaradılıb. Azərbaycanda tətbiq edilən müasir standartlar məhsulları nəinki daxili bazarda rəqabətqabiliyyətli edir, hətta xarici bazara çıxışı üçün imkanlar yaradır. M. Karabayın sözlərinə görə, qurulmuş bu şərait son nəticədə hər iki ölkənin keyfiyyət infrastrurkturunun inkişafına təsir edir.
Görüşdə 2012-ci ilin sentyabr ayında Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Höküməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası istiqamətində bir çox məsələlər ətrafında müzakirələr aparılıb. Daha sonra Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Türkiyə İqtisadiyyat Nazirliyi arasında iki qurum arasında əməkdaşlığa dair 2015-2017-ci illər üzrə Fəaliyyət Planı imzalanıb.
Məlumat üçün bildirək ki, M. Karabayın rəhbərlik etdiyi nümayəndə heyətinə Türk Metrologiya İnstitutunun (TUBİTAK UME) müdiri Mustafa Çetintaş, Türk Akkreditasiya Orqanının (TÜRKAK) baş katibinin müavini Ahmet Tekin, Türk Standartlar İnstitutunun rəhbər şəxsləri və digər mütəxəssislər daxildir. Nümayəndə heyəti 30 aprel 2015-ci ilədək Komitə yanında Dövlət Akkreditasiya Xidməti, Dövlət Metrologiya Xidməti və Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti ilə ikitərəfli görüşlər keçirəcək və müvafiq dövlət etalonları laboratoriyalarına, kalibrləmə laboratoriyalarına baxış keçirəcəklər.