Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstanın dəmir yolu idarələri Transxəzər beynəlxalq nəqliyyat marşrutu (TBNM) üzrə yük daşınmalarını ildə 5,5 mln. tona qədər çatdırmağı planlaşdırır.
"APA-Economics"in "Qazaxıstan Dəmir Yolları" SC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu il Bakıda qurumun prezidenti Askar Maminin sədrliyi ilə TBNM-in Koordinasiya Komitəsinin İşçi Qrupunun iclası keçirilib.
İclasın gedişi zamanı yüklərin daşınmasının rəqabətqabiliyyətli dərəcələrinin müəyyən edilməsi, TBNM-in bütün marşrutları üzrə konteyner qatarların təşkili üçün kompleks dərəcələrin yaradılması və digər məsələlər nəzərdən keçirilib.
Bundan başqa, tərəflər bu il Jezkazqan-Beyneu yeni dəmir yolu xətindən, Aktau dəniz limanının istehsal obyektlərindən, habelə əlverişli tarif şərtləri yaratmaqla, tikilməkdə olan Axalkalaki-Qars dəmir yolu xətti istifadə olunmaqla, Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə konteyner xidmətinin təşkil olunması ilə bağlı tədbir görülməsi haqda razılığa gəliblər.