Bank Of Baku

Ukraynadan yola düşən ikinci qatar bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq

Ukraynadan yola düşən ikinci qatar bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq
# 11 fevral 2016 11:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Ukraynanın İliçevsk dəniz limanından fevralın 7-də Ukrayna-Orta Asiya marşrutu üzrə (Gürcüstan və Azərbaycandan keçməklə) 32 vaqondan ibarət ikinci qatar yola düşüb.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən APA-ya verilən məlumata görə, ikinci qatar bu gün saat 23:00 radələrində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq.

 

Qatarın tərkibindəki vaqonlardan 1-i Qazaxıstanın Aktau limanına, 31-i isə və Türkmənistanın Türkmənbaşı limanına - təyinatı üzrə yola salınacaq.  Vaqonların yükü ərzaq məhsullarından və dəmir məmulatlarından ibarətdir.

 

Xatırladırıq ki, Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulandan sonra bu, ikinci qatardır. Bu marşrut üzrə ilk sınaq reysi yanvar ayında həyata keçirilmişdir və Ukraynadan gələn birinci qatar yanvarın 22-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.

 

Qeyd edək ki, 14 yanvar 2016-cı ildə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilib,  yük qatarları üçün rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilib, həmçinin  Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə və oradan da Çinə  daşınmasının təşkilində imtiyazlı tarif şərtləri müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR