Bakı. Vüsal Nəbiyev - APA-Economics. Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Baku City Circuit (BCC) gələn il iyun ayında keçiriləcək "Formula-1" yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir.
BCC-dən “APA-Economics”ə verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.
“Dekabr ayının 2-dən etibarən Xəqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb. Təmir işlərinin dekabr ayının 2-də yekunlaşması nəzərdə tutulsa da, yeraltı qəza səbəbindən təmir işləri uzanıb. Dekabr ayının 3-ü gecə saatlarından etibarən isə Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında hərəkət məhdudlaşdırılacaq. Xəqani küçəsində qeyd olunan bütün təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə olan məhdudiyyətlər artıq dekabr ayının 6-dan 7-nə keçən gecə, bazar ertəsi aradan qaldırılacaq”, - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, yarışdan öncə salınacaq və “Formula-1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.