Bank Of Baku

Xətai rayonunun bir neçə küçəsi təmir olunur

Xətai rayonunun bir neçə küçəsi təmir olunur
# 21 aprel 2016 12:14 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Xətai rayonunda bir-neçə küçədə təmir-tikinti işləri aparılır.

 

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, hazırda təmir-tikinti işləri Məzahir Rüstəmov və Telnov küçələrində, həmçinin general Əliağa Şıxlinski küçəsinin bir hissəsində aparılır.

 

Məzahir Rüstəmov küçəsinin uzunluğu 1 400 metr, eni 14 metr, Telnov küçəsinin uzunluğu 1 340 metr, eni 13 metr, general Əliağa Şıxlinski küçəsində təmir işlərinin aparıldığı ərazinin uzunluğu isə 500 metr, küçənin eni 14 metrdir.

 

Sözügedən küçələrin hər birində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə 2 qat olmaqla  yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə Məzahir Rüstəmov küçəsinin 20 min kvadratmetr sahəsi, Telnov küçəsinin 17 min 500 kvadratmetr sahəsi, general Əliağa Şıxlinski küçəsinin isə 7 min kvadratmetr sahəsi asfaltlanacaq.

 

Bundan başqa təmir-tikinti işləri çərçivəsində piyada səkiləri bərpa olunaraq, asfaltlanır, küçələr boyu yeni səki daşları düzülür. Ümumilikdə Məzahir Rüstəmov küçəsinə 2 800 p/m, Telnov küçəsinə 2 700 p/m, general Əliağa Şıxlinski küçəsinə isə 1000 p/m səki daşı düzüləcək.

 

Telnov və general Əliağa Şıxlinski küçələrinin kəsişməsində yerləşən dairənin ətrafında da təmir-tikinti işləri aparılır, asfalt-beton örtüyü yenilənir və dairənin kənarlarında olan köhnə səki daşları yeniləri ilə əvəzlənir.

 

Bu işlərə paralel olaraq səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yağış barmaqlıqları yenilənir, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulur.

 

İşlər yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Zəruri olan yerlərdə yeraltı kommunikasiya xətləri yenilənir, yolun hərəkət hissəsindən kənara çıxarılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR