Bakı. Vüsal Nəbiyev – APA-Economics. Azərbaycanın informasiya və rabitə sektorunda bu ilin yanvar ayında təsərrüfat subyektlərinə və əhaliyə 133,6 mln. manatlıq xidmət göstərilib.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin müqayisəli qiymətlərlə həcmi 13,9% artıb.
Ölkədə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,2%-ə bərabər olub.
Hesabat dövründə əldə olunmuş gəlirlərin ümumi həcmindən 52,5% mobil rabitə xidmətlərinin payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil rabitə xidmətlərindən əldə edilmiş gəlirlərin həcmi 3,5% artaraq 70,2 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində təsərrüfat subyektlərinə və əhaliyə 1,6 mlrd. manatlıq xidmət göstərilib, onların 56,5%-i mobil rabitə xidmətlərinin payına düşüb.