Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Almaniyanın Milli Metrologiya İnstitutu və Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz ölkələrində yeyinti məhsullarının sınağı və metrologiya sahəsinin gücləndirilməsi” adlı layihənin idarəetmə komitəsinin iclası keçirilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, iclası komitənin aparat rəhbəri Arif Əşrəfov salamlama nitqi ilə açıb.
Sonra PTB-nin layihə meneceri Moritz Akermanın 2014-cü ilin oktyabr ayından 2015-ci ilin noyabr ayınadək həyata keçirilmiş tədbirlərə və görülmüş işlərə dair təqdimatla çıxış edib. İclas zamanı layihənin digər üzvləri çıxış edib və sonda layihənin göstəricilər üzrə qiymətləndirməsi aparılıb. Belə ki, layihə çərçivəsində məqsədə nail olmaq üçün 3 göstərici müəyyən edilib. Layihədə iştirak edən yeyinti məhsullarının sınağı laboratoriyaları tələbə yönələn beynəlxalq səviyyədə tanınmış sınaq xidmətləri təklif edilir, layihədə iştirak edən yeyinti məhsullarının sınağı laboratoriyaları milli, regional və beynəlxalq səviyyədə əlaqələndirilir və milli metrologiya institutlarının müasirləşməsi professional səviyyədə təmin edilir.
Məlumat üçün bildirək ki, komitənin Almaniya Milli Metrologiya İnstitutu ilə əməkdaşlığı 2008-2010-cu illər ərzində icra olunmuş “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində Standartlaşdırma, Metrologiya, Uyğunluğun Qiymətləndirilməsi və Akkreditasiyanın Gücləndirilməsi” adlı Tvinninq layihəsi ilə başlayıb. Sonra Komitə Almaniyanın Milli Metrologiya İnstitutunun 2011-2014-cü illər üzrə “Cənubi Qafqazda keyfiyyət infrastrukturunun gücləndirilməsi” adlı layihəsinin benefisiarı olmuşdur. Sözügedən layihənin davamı olaraq, “Cənubi Qafqaz ölkələrində yeyinti məhsullarının sınağı və metrologiya sahəsinin gücləndirilməsi” adlı 3 illik (2014-2017) layihə öz fəaliyyətinə başlayıb.