Tovuz çayı üzərindəki qəzalı körpü bərpa edilib

 Tovuz çayı üzərindəki qəzalı körpü bərpa edilib
# 26 avqust 2016 11:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Tovuz rayonunun Əlibəyli kəndi ərazisində leysan yağışları nəticəsində qəzalı vəziyyətə düşən körpü bərpa edilib.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sözügedən körpü 17 kilometr uzunluğunda olan Hacallı - Təpəbaşı avtomobil yolunun 5-ci kilometrliyində Tovuz çayı üzərində yerləşir. 2 aşırımlı dəmir-beton konstruksiyalı körpünün uzunluğu 27 metr, eni isə 7 metrdir.

Aparılmış işlər zamanı körpünün kənar dayaqları bərpa edilib, bünövrəsinə beton məhlul tökülərək bərkidilib, yeni su tənzimləyici qurğular inşa edilib. Bundan başqa, körpünün yanaşma yollarında da bərpa işləri aparılıb, yeni asfalt-beton örtüyü döşənib.

Körpünün hərəkət hissəsi də əsaslı şəkildə bərpa olunaraq asfaltlanıb, hər iki tərəfdə monolit betonla təkərqaytaranlar inşa edilib və yeni mühəccərlər quraşdırılıb.

Qeyd edək ki, bu ilin yaz-yay aylarında yağan leysan yağışlarının çaylarda suyun səviyyəsini artırması nəticəsində Tovuz çayı üzərində yerləşən avtomobil körpüsünün dayaqları və su tənzimləyici qurğuları yuyularaq qəza vəziyyətinə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR